Qərarın xülasəsi
Ali Məhkəmənin bu qərarının (2(102)-929/2024 saylı iş) əhəmiyyəti Əmək Məcəlləsinin işəgötürənlər üçün problemli olan 79-cu maddəsinin şərhi ilə bağlıdır. Həmin maddəyə əsasən bəzi işçilər ilə əmək müqaviləsinə xitam verilə bilməz. Misal olaraq, aşağıdakı işçilərlə Əmək Məcəlləsinin 70-ci maddəsi əsasında əmək müqaviləsinin ləğv edilməsi qadağandır:
- “hamilə, habelə üç yaşınadək uşağı olan qadınların,üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər” və ya
- “öhdəsində… orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan” işçilər
Bu maddə sui-istifadə hallarına yol açır. Maddənin mənasından belə nəticəyə gəlmək olar ki, 79-cu maddədə göstərilən kateqoriya işçinin əmək funksiyalarını nə qədər pozmasından asılı olmayaraq, onunla əmək müqaviləsinə xitam verilə bilməz. İşçi hətta aylarla işə gəlməyə bilər, və bu zaman o, işdə qalmaqda və əmək haqqı almaqda davam edə bilər.
Ali Məhkəmənin bu qərarı bu praktikanı kökündən dəyişəcək təsirə malikdir. Məhkəmənin qərarına əsasən imtiyaz verən 79-cu maddənin tətbiqi üçün işçinin 70-ci maddə, o cümlədən 70-ci maddənin ç) bəndidə (işçinin öhdəliklərini əhəmiyyətli pozduqda, inzibati xəta və ya cinayət törərdikdə) göstərilən hal ilə 79-cu maddədə göstərilən hal arasında səbəb-nəticə əlaqəsi olmalıdır. Misal olaraq, əgər işçi 70 ç) bəndində göstərilən pozuntuya yol verirsə, 79-cu maddə işçini o zaman qoruyar ki, 79-cu maddədə göstərilən hal (misal üçün, şəxsin əlil olması və ya qadının hamilə olması) bu pozuntuya səbəb olsun. Əks halda 79-cu maddə işçini əmək müqaviləsinin xitamından qorumalı deyildir.
İşi halları
İşəgötürən – Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Hərbi Hospital – həmin Hospitalda həkim-mütəxəssis kimi çalışan işçi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə və 72-ci maddənin f) bəndinə (bunların ikisinin birlikdə tətbiqi) müvafiq olaraq əmək müqaviləsinə xitam vermişdir. Xitamın əsas səbəbi işçinin iş yerində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində (xırda talama) nəzərdə tutulan inzibati xəta törətməsi olmuşdur. İşçinin xəta törətməsi müvafiq məhkəmə qərarı ilə təsdiq edilmiş və ona inzibati həbs qismində cazə təyin edilmişdir.
İşçi məhkəməyə müraciət edərək əmək müqaviləsinin xitamının qanunsuz olduğunu iddia etmişdir. Bu iddia xüsusən Əmək Məcəlləsinin 79-cu maddəsinə əsaslanmışdır. İşçinin sözlərinə görə onun 1-ci dərəcəli əlil anası olduğundan, onun əmək müqaviləsinin xatamı Məcəllənin 79.1-ci maddənin 6-cı alt-bəndinə (“orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü” olması) zidd olmuşdur. İşçi iddiasında işə bərpa edilməsini və buraxılmış günlər üçün əmək haqqının ödənilməsini tələb edirdi.
Birinci və apellyasiya instansiya məhkəmələrin qərarları
Birinci instansiya və apellyasiya instansiya məhkəmələri işçinin iddiasını təmin etmişlər. Hər iki instansiya məhkəməsi işçinin I dərəcə əlil anasının olmasını, onun işdən çıxarılmasına maneə olan hüquqi faktor kimi qiymətləndirilmişdir (əmək məcəlləsinin 79-cu maddəsində göstərilən hallardan biri). Buna görə məhkəmə işçinin sosial vəziyyətini nəzərə alaraq, onun işdən azad edilməsinin qanunsuz olması və əmrin ləğv edilərək iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması haqqında qətnamə qəbul etmişlər.
Ali Məhkəmənin qərarı
İşəgötürən tərəf apellyasiya qərarından da narazı qalaraq kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdir. Ali Məhkəmə işə baxaraq apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddianın təmin olunmaması barədə yeni qərar çıxarmışdır.
Ali Məhkəmənin qərarının əsaslandırılması
Hazırkı işdə işçinin yol verdiyi pozuntu Əmək Məcəlləsinin 72-ci maddəsinin f) bəndində göstərilən kateqoriyaya aid edilmişdir. İddiaçı iş yerində qanunla qadağan olunmuş hərəkətə yol vermiş – ona müraciət edən vətəndaşların etibarından sui-istifadə etməklə onları aldatması və pul vəsaitini ələ keçirməsi, və inzibati məsuliyyətə cəlb edilmişdir. Bu cür hərəkət Əmək Məcəlləsinin 72-ci maddəsi üzrə əmək funksiyasının kobud şəkildə pozulması sayıldığı üçün, 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi hüquqi cəhətdən əsaslı hesab edilmişdir.
Digər tərəfdən, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunmasını qadağan edən hallar müəyyən edilmişdir. O cümlədən öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçi ilə əmək müqaviləsinə xitam verilməsi qadağandır.
Ali məhkəmənin mövqeyinə əsasən işçinin yol verdiyi kobud pozuntu onun imtiyazlı statusu ilə əlaqəli olmalıdır ki, 79-cu maddə üzrə müdafiə tətbiq olunsun. Ali Məhkəmə xüsusən bunları qeyd edir:
“… işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır (kursiv əlavə edilmişdir). Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79 cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur”.
Bu işdə işçinin imtiyazlı olması (əlil anasının olması) ilə onun əmək müqaviləsinə xitamına səbəb olan əməl (xirda talama) arasında heç bir səbəbli əlaqə olmamışdır. Nəticədə, apellyasiya məhkəməsi tərəfindən 79-cu maddənin tətbiq edilməsi ilə işçinin işə bərpa edilməsi qanunsuz olmuşdur, bu əsasla apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və işdə olan faktlar əsasında Ali Məhkəmə yeni qərar qəbul edərək işçinin iddiasını rədd etmişdir.




