Müqavilə – Bizines münasibətlərinizə bir “struktur” və aydınlıq gətirir

Yerli Müştəri

Əzəmətli Plazaların birində ele o qədər də əzəmətli otaqda qonaq üçün divanın üzərinə oturub mən müştəriyə diqqətlə baxıram.  Ağlımdan çox sayda fikirlər keçir. 

1 ildir ki, mən müstəqil hüquq praktikasına başlamışdım.  Məqsədim daha çox yerli müştərilərə xarici standartlara uyğun hüquqi xidmətləri yerli qiymətlərlə göstərməkdir.  Çox keçmir ki, mən düşünməyə başlayıram – düşünürəm ki, bu bazarın strukturu ümumiyyətlə necədir?  Görəsən kiməsə bu “beynəlxalq standartlara uyğun hüquqi xidmətlər” lazımdır? 

Müştəri mənə yaxınlaşaraq deyir ki, ona bir müqavilə lazımdır.  Əlavə edir ki, o restoran biznesinə investisiya qoymaq istəyir – 200,000 manat qoyub 30% şərik kimi daxil olur.  Deyir ki, “yaxşı olardı bir müqavilə olsun”.

Müqavilənin Əhəmiyyəti – “Struktur” Funksiyası

Mən düşünürəm ki, “görərən restoran biznesindən müştəri nə gözləyir”.  Əksər yerli (xarici olmayan) müştərilər “müqavilə” dedikdə bu iki səbəblərdən biri barədə düşünürlər: (i) ya müqavilə formal sənəddir və formal məqsədlər üçün lazımdır.  Bu hallarda heç hüquqşünasa (ələlxüsus, yüksək ixtisaslı hüquqşünasa) ehtiyyac olmur, yaxud (ii) hər hansısa maraqlarını “qorumaq” üçün istifadə olunan sənəddir – yəni problem yaranan zaman məhkəmədə istifadə oluna biləcək sənəd.

Mən burada müqavilənin digər, bəlkədə çox vaxtlar daha vacib olan faydasında danışmaq istəyirəm.  Bir çox müqavilələr biznes münasibətlərinin – xüsusən də davam edən münasibətlərin – “strukturunu” müəyyən edir və tərəflər bu struktura uyğun olaraq fəaliyyət göstərirlər.  Əlbəttə, hər bir müqavilənin əhəmiyyəti onun hüquqi qüvvəyə malik olmasından çox asılıdır.  Əks halda tərəflər müqaviləyə daxil olmazlar.  Ancaq müqavilənin “struktur” əhəmiyyəti tərəflər üçün ayrıca olaraq mühüm əhəmiyyət kəsb edir. 

Restoran Biznesi və M-in Qarşılaşdığı Suallar

Restoran biznesinə investisiya yatırmaq istəyən müştəri düşünür ki, o 200,000 yatıraraq biznesdə 30% əldə edəcəkdir.  Ancaq bu 30% faiz ona nə verir?  Bu o deməkdirmi ki, əgər müştəri (şərti olaraq, “M” adlandıraq) restoran biznesi olan Rest MMC-də 30% əldə edirsə, ona hər ay və ya il 200,000 investisiyanın 30%-i ödənilməlidir?  Əlbəttə ki, xeyir.  O zaman M düşünməlidir ki, bu 200,000 əvəzində o, əslində nə əldə edir?  30% ona nə vəd edir və ya edə bilər? Beləliklə bu cür çoxsaylı suallar ortaya çıxır.  Biz qəliz biznes məsələlərindən agah olmayan bir sahibkardan danışırıq, ancaq bu cür məsələlər həmçinin təcrübəli sahibkarla arasında danışıqlarda da meydana çıxır.  Əksər bu cür suallar məhs müqavilənin (və ya müqavilədən əvvəl tərtib olunan əsas şərtlərin (İngiliscə: terms sheet), niyyət məktubunun və sair kimi sənədlərin) müzakirəsi zamanı meydana çıxır. 

Müştərinin (M-in) düşünməli olduğu bir çox məsələlər var.  Misal üçün, bəlkə o, bu 200,000 vəsaiti kapital şəklində deyil, borc şəklində versin.  O zaman M-in Rest MMC-dən aylıq (kvartallıq və ya illik və ya digər dövrü) sabit ödənişlər tələb etmək hüququ olar.  Bununla Rest MMC razı olmaya bilər, çünki bu zaman M bizneslə bağlı risklərin çox az hissəsini üzərinə götürmüş olur. 

Fərz edək ki, M investisiyanı kapital şəklində qoydu və “biznesdə 30% əldə etdi”.  Bu 30% Rest MMC-nin nizamnamə kapitalında paydır, yoxsa Rest MMC-nin gəlirlərindən paydır?  Əgər kapitaldan pay deyilsə, o zaman 200,000 Rest MMC-nin kapitalına qoyulmur, Rest MMC-yə verilir.  Burada vergi məsələlri yarana bilər.  Əgər 200,000 kapitaldırsa, o zaman digər məsələlərlə yanaşı investor olan M-ə ödənilməli olan gəlirin məbləğinin müəyyən edilməsi məsələsi ortaya çıxa bilər.

Fərz edək ki, M-in Rest MMC-nin illik gəlirlərindən 30% pay əldə etmək hüququ vardır.  Bu “gəlirlər” neçə hesablanır.  Burada “gəlir” dedikdə xalis gəlir nəzərdə tutulur (gəlirlər çıxılsın xərclər), yaxud ümumi gəlirlər (xərclər çıxılmadan gəlirlər).  Əgər xalis gəlirlər nəzərdə tutulursa, hansı xərclər çıxıla bilər və M necə nəzarət edə bilər ki, Rest MMC-nin sahibi (və ya direktoru) həddən artıq xərclər yükləməklə M-ə az məbləğin çatmasına çalışamayacaq? 

Yekun

Bu və ya digər məsələlər müqavilədə tənzimlənməlidir.  Mükəmməl tərtib edilmiş müqavilə mühüm məsələləri tənzimləyərək biznes münasibətlərini strukturunu müəyyən edir.  Tərəflər aydın bilirlər ki, onlar hansı vaxtda nə etməlidirlər və nəyə ümid edə bilər.  Bu baxımdan müqavilənin tərtib edilməsinin məqsədlərindən biri mübahisələrin həlli deyil, məhs mübahisələrin yaranmasının qarşısını almaqdır.