Photo: lawyerist.com

Texnologiyanın lisenziya əsasında əldə edilməsi

 

Azərbaycan investorları və sahibkarları üçün istehsal bizinesinə başlamağın bir yolu (çox zaman da əsas yolu) xaricdən istehsalın texnologiyasını əldə etməkdir. Misal üçün, Alfa MMC şirkəti avtomobil şüşələri istehsal etmək istəyir. Bunun üçün o gərək texnologiyanı özü yaratsın – yəni bir qrup alimlərə tapşırsın ki, onlar araşdırma aparsınlar (ingiliscə Research and Development, və ya R&D) və avtomobil şüşələrinin istehsalı texnologiyasını yaratsınlar. Digər və daha asan yol isə artıq icad olunmuş texnologiyanı əldə etməkdir. Alfa MMC Niderland şirkəti olan Nidavtoco BV şirkətindən hazır texnologiyanı əldə edir – bu texnologiyadan istifadə edərək Alfa MMC Azərbaycanda zavod tikir və avtomobil şüşələri istehsal edir.

 

Bu əldə etmə prosesinin özü bir neçə addımdan ibarətdir. Birinci addım əlbəttə ki, texnologiya lisenziyası müqaviləsinin bağlanmasıdır. Bu müqaviləyə əsasən Nidavtoco BV onda olan texnologiyanı şüşə istehsalı zavodunun tikintisi üçün Alfa MMC-yə istifadəyə verir. Texnologiya digər formalarda da təqdim edilə bilər. Misal üçün, bir istehsalçı özünə məxsus hər hansı unikal bir avadanlığı satır və bu avadanlıq istehsalın mühüm tərkib hissəsini təşkil edir. Bu zaman mahiyyət etibarı ilə istehsalçı avadanlıqla birlikdə texnologiyasını da əldə edən şəxsə təqdim etmiş olur. 

 

Texnologiyanın lisenziyası haqda müqaviləni nəzərdə keçirərkən o cümlədən aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:

1. Təqdim edilən hüquqların həcmi. Yəni texnologiya sahibi (misal üçün, Nidavtoco BV) konkret hansı hüquqları təqdim edir. Hüquq yalnız prosesə aiddir, yoxsa istehsal olunan mallara da? Təqdim edilən hüquqlar məhsulun istehsalı üçün kifayə edirmi, yoxsa əlavə texnologiyanın əldə edilməsi də tələb olunur? və sair.

2. Hüquqlara dair zəmanət. Texnologiyanı təqdim edən bəzi zəmanətlər verməlidir. Bunlardan ikisi mühüm əhəmiyyət kəsb edir. Birincisi hüquqlara dair zəmanətdir. Texnologiyanın sahibi zəmanət verir və təsdiq edir ki, onun hüququ vardır ki, texnologiyanı digər şəxslərin istifadəsinə versin. Yəni lisenziya təqdim ediləndən sonra heç bir üçünjcü şəxs lisenziya alana qarşı iddia irəli sürməyəcəkdir. Bir qədər loru dildə desək, texnologiyanı təqdim edən (misal üçün, Nidavtoco BV) təsdiq edir ki, o texnologiyanı oğurlamayıbdır və əldə edən (Alfa MMC) bu texnologiyadan istifadə edərkən digər şəxslərlə mübahisəyə daxil olmayacaqdır.

3. Digər mühüm zəmanət texnologiyanın “istifadəsi” və ya “fəaliyyəti” zəmanətidir (ingiliscə performance guarantee). Texnologiyanı təqdim edən zəmanət verir ki, texnologiyanın istifadəsi nəticəsində lazım olan keyfiyyətdə məhsul istehsal etmək mümkün olacaqdır. Bu zaman “lazım olan keyfiyyət”in konkret meyarlarını müqavilədə (adətən müqavilənin əlavəsində) göstərmək zəruridir. Bu daha çox texniki məsələdir və burada mütəxəssislərin köməyinə ehtiyac vardır. Misal üçün, avtomobil şüşəsinin kimyəvi (konkret kimyəvi maddələr və onların nisbəti) və fiziki (misal üçün, sıxlıq) tərkibi müqavilədə göstərilməlidir.

4. Cərimənin ödənilməsi texnologiya müqavilələrində tənzimlənməli olan mühüm məsələlərdən biridir. Əgər, misal üçün, texnologiyanı təqdim edənin istifadə və ya fəaliyyət zəmanəti pozularsa – yəni nəticədə lazımi keyfiyyətli məhsul istehsal edilməzsə – o zaman texnologiyanı təqdim edən cərimə ödəməlidir. Burada istər cərimənin, istərsə də zərərin ödənilməsi nəzərdə tutula bilər. Ancaq texnologiyanı təqdim edənlər adətən öz məsuliyyətlərini məhdudlaşdırmağa çalışırlar. Ona görə də iri müqavilələrdə tez-tez cərimənin (və ya Anqlo-Sakson hüququnda liquidated damage) ödənilməsi barədə öhdəliyə tez-tez rast gəlinir və bu öhdəliyin də adətən məhdudiyyətləri olur – misal üçün, lisenziya haqqının 30%-i.

5. Lisenziya haqqının ödənilməsi prosedurunu lisenziya əldə edən risklərin idarə edilməsi üçün də istifadə edə bilər. Misal üçün, lisenziya haqqının 3-4 dəfəyə və hər biri 10-12 aylıq fasilə ilə ödənilməsi nəzərdə tutula bilər. Bu müddət ərzində əgər hər hansı hal baş verərsə, misal üçün, texnologiya artıq lazım olmaz, lisenziya əldə edən öz zərərini məhdudlaşdıra bilər.

 

Texnologiyaların lisenziyası haqqında müqavilələr geniş yayılmışdır və muxtəlif formalarda olur. Geniş yayılmış praktika belədir ki, texnologiyanı təqdim edənlər üzərilərinə çox məsuliyyət götürmək istəmirlər, çünki prosesdə bir çox problemlər ortaya çıxa bilər. Ona görə də texnologiyanı əldə edənlər (misal üçün, yerli sahibkarlar) müqaviləni bağlayarkən diqqətli olmalı və öz risklərini anlamalıdırlar.

 

Write a Comment

Your email address will not be published. Required fields are marked *